IFL HAKİMLİK POTENSİALI OLAN ŞƏXSLƏRİ ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR

4 dekabr 2020

International Fighting League (IFL) – Beynəlxalq MMA döyüş liqası Azərbaycan MMA Federasiyasının dəstəyi ilə hakimlik potensialı olan şəxslər üçün təlim kursları və sertifikasiya imtahanları təşkil edir. Uyğun namizədlərlə ilk növbədə müsahibə təşkil ediləcək və seçilənlər təlimlərə cəlb olunacaq. Təlim kursunu uğurla tamamlayan namizədlər Azərbaycan MMA federasiyasının hakimlik lisenziyasına yiyələnəcək və onlara IFL turnirlərində müqavilə əsasında əməkdaşlıq təklif ediləcək. Qeyd edək ki, bu lisenziya sahibləri Azərbaycanda təşkil olunan bütün MMA yarışlarında hakim kimi fəaliyyət göstərə biləcək. 

Kurslar Azərbaycan MMA federasiyasının hakimlər kollegiyasının sədri, IFL-in hakimlər briqadasının rəhbəri, Beynəlxalq MMA federasiyasının (IMMAF) lisenziyasına sahib hakim Vüsal Bayramov tərəfindən ən yüksək beynəlxalq standartlar əsasında təşkil ediləcək. Kurslarda namizədlərə ümumi qaydalar və qayda pozuntuları kimi nəzəri biliklərlə yanaşı, balların hesablanması, davranış qaydaları kimi praktik vərdişlər real simulyasiyalar əsasında öyrədiləcək. Müəyyən müddət təcrübə topladıqdan sonra hakimlərin gələcəkdə Beynəlxalq MMA federasiyasının hakimlik  kursları və sertifikasiya imtahanlarına göndərilməsinə də dəstək göstəriləcək.

Maraqlanan namizədlər əlaqə nömrəsi göstərilməklə özləri haqqında qısa məlumatı 20 dekabr tarixinə qədər info@ifl.az email ünvanına göndərə bilər.

Yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.